reklam
Elif Şafak “Həvvanın 3 qızı” kitabından seçilmişlər Elif Şafak “Həvvanın 3 qızı” kitabından seçilmişlər http://sun.az/uploads/posts/2017-08/1501851008_mg_1782.jpg
Lola

Lola Müxtəlif 4-08-2017, 20:54

Elif Şafak “Həvvanın 3 qızı” kitabından seçilmişlər

Elif Şafak “Həvvanın 3 qızı” kitabından seçilmişlər
Elif Şafak “Həvvanın 3 qızı” kitabından seçilmişlər


“Həvvanın üç qızı” (türkcə “Havva’nın üç kızı”) Əsərdə qatı dindar ana və materialist ata ilə böyüyən, hər ikisinin haqlı olduğuna şübhə ilə yanaşan Pəri adlı qadının həyatından bəhs edilir. Kitabda bu günün İstanbulu bütün çılpaqlığı ilə təsvir edilir, Avropa və Türkiyə arasında mədəniyyət, adət-ənənə və həyat tərzinin fərqlilikləri göstərilir.

Romanda müəllif Tanrının varlığını deyil, inanc şəklini mühakimə edir. Doğru olan nədir? Kor-koranə inanmaq, yoxsa kor-koranə rədd etmək? Bəlkə məntiqli olan bu ikisinin arasında üçüncü yolu tapmaqdır.


Sizə kitabdan seçilmiş maraqlı cümlə və aforizmləri təqdim edirik.


  • Tıxac dəqiqələri saatlara, insanları vəhşilərə, şüuru açıq-aşkar dəliliyə çevirirən pis əllərə düşmüş sehrli dəyənək kimi idi.

  • Əgər eyni qarabasmanı kifayət qədər göz görürsə, artıq qarabasma deyil, həqiqət sayılır; əgər eyni acı həqiqətə kifayət qədər insan gülürsə, həmin həqiqət acınacaqlı haldan çıxıb, gülməli bir zarafata çevrilir.

  • Pəri heç vaxt başa düşmürdü ki, necə olur qadınlardan həm gözüaçıq, həm də başıaşağı olmaqları tələb olunur?

  • Böyümək ananla atanın qüsurlarını görməyi öyrənmək deməkdir.

  • Bir-birini sevməyən cütlüyün övladı olmaq nə çətin bir şey imiş.

  • Demokratiya olan ölkədə bir kişi sərxoş oldumu “Ah, nə oldu mənim gözəl sevgilimə?” deyə ağlar. Demokratiya olmayan yerdə isə bir kişi sərxoş oldumu “Ah, nə oldu mənim gözəl məmləkətimə?” deyə ağlar.

  • Evin içində cərəyan edən fikir və duyğu tufanı Pərini çaşqın hala salmışdı. Bu vaxta kimi öyrədilənlərdən bilirdi ki, Yaradan təkdir, amma anasının qorxaq və itaətkarcasına yalvarıb yaxardığı Allahla atasının gileylənib şikayət etdiyi Tanrının eyni varlıq olduğuna inanması qeyri-mümkün idi. Necə olurdu ki, eyni yastığı olmasa da, hələ də eyni üzüyü paylaşan iki insan Yaradanı bu qədər bir-birinə zidd təsəvvür edə bilirdi? Necə olurdu ki, eyni varlıq, dolayısıyla tək həqiqət bu qədər fərqli qavranıla bilirdi?

  • Bir düşün. Yolda qəzaya rast gəlincə insanların ilk reaksiyası nə olur? O dəqiqə “Allah qorusun” deyirlər. İlk reaksiyaları özlərini düşünməkdir, qurbanları deyil. Başqaları üçün dua edən gör nə qədər az adam var. Heç fikir vermisən? Elə özlərinə. Onsuz da o qədər duanın əksəriyyəti bir-birinin surətidir. “Məni qoru, məni hifz et, məni yüksəlt…” Hər şey “mən”. Onlardan soruşsan, buna “dindarlıq” deyərlər, mən isə buna “şəkil dəyişdirmiş eqoistlik” deyirəm.

  • Həmin gecə Pəri yatağında oturub gündəliyini açdı və ilk qeydini yazdı: “Deyəsən Rəbb rəngarəngdir. Minlərlə parçası var. Bəzilərinə görə sevgi, mərhəmət, rəhm doludur, digərlərinə görə hirsli, soyuq, məhvedicidir. Məncə Tanrı leqo komplektidir. Hər kəs özünə uyğun inşa edir.

  • Dünənin məzlumlarından bugünün zalımları yaranırdı.

  • Bədbəxt ailələrdə böyüyən gənclər üçün ədəbiyyat onsuz da ən gözəl sığınacaqdır. Hekayələr, romanlar, şeirlər…

  • Kitablar həm onun vətəni, həm sürgün diyarı idi.

  • Əslində necə qəribə idi; anlar axıb gedir, ürəklər sərtləşir, bədənlər yaşlanır, vədlər unudulur və ən güclü inanclar belə sarsılırkən reallığı iki ölçüdə təmsil edən və dolayısı ilə yalandan ibarət olan bir fotoşəkil sonsuz sədaqətlə heç dəyişmədən qala bilir.

  • Təki cəhalətin əlinə qüdrət keçsin, bax onda qorxmalısan. Dünya müqtədir cahillərdən və cahil müqtədirlərdən nələr çəkdi.

  • Coşğun üz ifadələrinə baxırlırsa ya siyasətdən danışırlar, ya futboldan, çünki bu ölkədə kişilərin hisslərini rahatlıqla çölə çıxara bildikləri mövzular bunlar idi.

  • Oğlan bir dəfə Pəriyə demişdi: Sənə baxdıqca tipik türk ziyalısını görürəm. Daha doğrusu, şərq intellektualını: Avropaya aşiq, öz kökləri ilə münaqişə vəziyyətində. Gözləmədiyi belə bir günahlandırma qarşısında Pəri udqunmuşdu. Niyə bəzi insanlar “köklər” ilə başlarını xarab edirlər ki? “Budaqlar” da gözəldir, məsələn. “Yarpaqlar”, “meyvələr” də. Təbii kökləri də sevirdi, çünki ağacları sevirdi. Kök dediyin şey torpağın həm altında, həm üstündə dörd yana irəliləyirdi. Yəni bir xətt üzrə hərəkət etmirdi. Hətta Köklər də sabit (və ya sabit fikirli) olmağı rədd edərkən, insanlara elə hey “kökünə sadiq qal” deyə israr etmək hansı ağla xidmət edir?

  • Dörddən çox türk bir yerə toplaşan kimi verilən həmin qaçılmaz sual yenə verildi: Bu ölkənin axırı necə olacaq?

  • Bəzi insanlar dünyanı dəyişdirmək istəyir, bəziləri həyat yoldaşlarını və ya dostlarını. Özünü dəyişdirmək istəyən isə çox azdır. Məndən soruşsalar, Tanrını – Tanrı anlayışını – dəyişdirmək istərdim. Necə gözəl olardı. Hamının yararına.

  • Azadlıq yoxdursa, eşq də yoxdur. Azad olmağınsa tək yolu budur: alışdığımız, bizə asan gələn Məni tərk etmək! Risk edərsənmi?

  • Haqlı olmaq arzusu ilə danışanlar əsla dialoq qura bilməzlər.
  • İki cür kişi var: yıxıb tökənlər və təmir edənlər. Birinci qrupdakılara dəlicəsinə vurulub aşiq oluruq, amma ikinci qrupdakılarla evlənib yuva qururuq.

  • Məncə çox üzr istəyən insanlar sadəcə həyatla baş etməyə çalışan qayğılı, narahat insanlardır. Heç kimə zərər verməzlər, özlərindən başqa. Başqalarına ayaq uydurmaq üçün əllərindən gələni edərlər, amma aradakı fərqi ortalıqdan qaldıra bilməyəcəklərini də bilirlər.

  • Nə qədər təhlükəli olsa da azadlıq həmişə gözəldir.

  • Pəri ətrafındakı qadınlara göz atdı. Bunlar hakimiyyət qorxusu, ər qorxusu, boşanma qorxusu, “aid olduğum təbəqəmdən enərəm” qorxusu, “yaşayış tərzim pozular” qorxusu, terrorizm qorxusu, qələbəlik qorxusu olan qadınlar idi. Evləri həmişə tərtəmiz, gələcəkdən nə istədikləri ilə bağlı mövzularda kifayət qədər qəti olan qadınlar. Həyatlarının daha erkən dövründə “atanı razı salmaq sənəti”ni başa vurub “əri razı salmaq sənəti”nə keçmişdilər.

  • Mən “Hər şey Tanrıdır” deyirəm. Halbuki siz “Hər şey Tanrınındır” deyirsiniz. O kiçik mənsubiyyət şəkilçisi böyük fərq yaradır.

  • Filosoflar mühakimə etmir, filosoflar anlamağa çalışır.
  • Birinə aşiq olmaq onu bütün nöqsanları, sirləri, səhvləri ilə birlikdə kəşf etməyi dəlicəsinə arzulamaq deməkdir.

  • Nə olursa olsun, xoşbəxt olmaq üçün çalışmaq boyunu daha da uzatmaq üçün çalışmaq qədər əbəs idi.

  • Eyni hadisələri yaşayan ailə fərdləri bu təcrübələrdən tamam fərqli nəticələr çıxarır, eyni xatirələri əslində hər kəs fərqli xatırlayır.

  • Daha fərqli həyat qurmaq üçün xarici ölkələrə gedənləri həm alçaldır, həm qısqanır, həm sevmir, həm yad hesab edirdilər.

  • Hadisələri olduğu kimi görmürük. Özümüz kimi görürük.

  • Bütün ömrü boyu damla-damla topladığımız qəm-qüssə, kədərə sonradan tək bir insanın səbəb olduğunu zənn etmək necə böyük bir səhvdir, amma insan beyni özünü aldatmaqda ustadır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
267 269 258 295 308 285

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.